| Ömrün payızında sevdim, sevildim,
|
| Elə bilirəm ki, ilk baharam mən.
|
| Arxanca sürünən kölgənəm sənin,
|
| Harda qərar tutsan, orda varam mən.
|
| Mey olsan, yanında bir qədəh ollam,
|
| Gül olsan, çətrini öpən şeh ollam.
|
| Ot olsan, bir anda dönüb meh ollam,
|
| Dağ olsan, zirvənə yağan qaram mən.
|
| Başımı qoyaram gündə yüz kərə
|
| Bir yol ayağını qoyduğun yerə.
|
| Eşqindir ucaldan məni göylərə,
|
| Bu eşqin gücünə minnətdaram mən.
|
| Sevgiyə hədd qoymaq düzü günahdır,
|
| Cahilin hər işi, sözü günahdır.
|
| Eşqi günah saymaq özü günahdır,
|
| Kim deyir eşqimdə günahkaram mən?
|
| Özün bir aləmsən, eşqin bir aləm,
|
| Sən olan könüldə nə kədər, nə qəm.
|
| Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
|
| Səninlə dünyada bəxtiyaram mən. |